Müsahibədə Maaş Gözləntisi Sualına Ən Yaxşı Cavablar
Müəllif: Aynur
Müsahibədə Maaş Gözləntisi: Nə Çox Deyin, Nə Də Az!
Gəlin etiraf edək, hər birimiz işə həm də qazanc üçün düzəlirik. Amma müsahibədə maaş mövzusu açılanda çox vaxt sanki "qadağan olunmuş" bir şeydən danışırıqmış kimi gərginləşirik. Əslində isə, bu sual sizin öz dəyərinizi necə qiymətləndirdiyinizi göstərən bir sınaqdır.
Bəs, bu gərgin andan necə uğurla çıxmaq olar?
1. Hazırlıqsız tutulmayın: Bazar qiymətini öyrənin
Müsahibəyə getməzdən əvvəl mütləq bazarı araşdırın. Sizin sahənizdə, sizin təcrübənizdə olan biri hazırda nə qədər maaş alır? Jooble kimi platformalarda oxşar vakansiyalara baxaraq bir rəqəm diapazonu müəyyənləşdirin. "Bilməyiniz" və ya "Siz nə məsləhət görürsünüz?" deməyiniz sizin qeyri-peşəkar olduğunuzu göstərə bilər.
2. Dəqiq rəqəm yox, "Aralıq" qeyd edin
Məsələn, "Mənim maaş gözləntim 1200 AZN-dir" demək yerinə, "Mənim gözləntim vəzifə öhdəliklərindən asılı olaraq 1100 - 1400 AZN aralığındadır" deyin. Bu, sizin çevik olduğunuzu və müzakirəyə açıq olduğunuzu göstərir.
3. Strategiyanız olsun: Sualı geri çevirmək
Əgər hələ işin bütün detallarını bilmirsinizsə, belə deyə bilərsiniz: "Bu vəzifənin məsuliyyətləri haqqında daha çox məlumat aldıqdan sonra daha dəqiq rəqəm deyə bilərəm. Siz bu mövqe üçün hansı büdcəni nəzərdə tutmusunuz?" Bu gediş sizi həm ağıllı, həm də təcrübəli göstərəcək.
4. CV-də maaş qeyd etməli?
Əgər elanda xüsusi tələb olunmayıbsa, CV-də maaş yazmaq məsləhət deyil. Bu, sizi hələ müsahibəyə çağırılmadan kənarda qoya bilər. Maaş müzakirəsini üz-üzə gələn ana saxlayın.
5. Maaş təkcə nağd pul deyil
Müzakirə zamanı təkcə ələ gələn məbləği yox, digər imtiyazları da nəzərə alın:
- Sığorta paketi
- Yol və yemək xərci
- Bonus sistemi
- Təlim və inkişaf imkanları
Bəzən bir az aşağı maaş, amma böyük inkişaf vəd edən bir iş, yerində sayan yüksək maaşlı işdən daha gəlirlidir.
Yekun məsləhət
Heç vaxt "mənim kreditim var" və ya "ehtiyacım çoxdur" kimi şəxsi səbəbləri maaş gözləntinizə arqument gətirməyin. Şirkət sizə ehtiyacınız olduğu üçün yox, yaratdığınız dəyər üçün pul ödəyir. Özünüzə inanın və dəyərinizi düzgün ifadə edin!


